Rusiya raketləri Suriyada "İŞİD-i Xəzərdən vurub"
- dünya xəbərləri
- 7 окт. 2015 г.
- 2 мин. чтения

Rusiya "İslam Dövləti" qruplaşmasını Xəzər dənizindəki hərbi gəmilərindən buraxılan raketlərlə vurduğunu bildirir. Müdafiə naziri Sergey Şoyqu deyib ki, Xəzər dənizində mövqe tutan dörd hərbi gəmidən İD qruplaşmasının 11 hədəfinə 26 raket buraxılaraq həmin hədəflər məhv edilib. Bu arada, Suriya fəallarına əsasən Rusiya təyyarələri ölkənin şimal-şərqində yeni hava həmlələrini həyata keçiriblər. Hava həmlələri ilə yanaşı hökumət qüvvələrinin quruda da əməliyyata başladığı bildirilir. Prezident Putin Rusiya hərbiyyəsinin bu əməliyyatını alqışlayaraq hədəflərin 1500 km məsafədə olduğunu qeyd edib.
Rusiya uzaq mənzilli silahları ilə İD-ə aid olmayan hədəfləri vurduğunu inkar edir. Suriya İnsan Haqları Müşahidə Qrupu, Hama və İdlib vilayətlərində "son aylar ərzində müşahidə olunan ən gərgin döyüşlər"in getdiyini bildirir.
Rusiya deyir ki, "bütün terrorçuları" hədəfləyir. Amma məlumata görə, bəzi hava zərbələri dinc sakinləri və Qərbin dəstəklədiyi üsyançıları da hədəfləyib.
Türkiyənin xəbərdarlığı Rusiya prezidenti Vladimir Putinlə televiziyada yayımlanmış görüşündə, cənab Şoyqu deyib ki, 4 hərbi gəmi raketləri çərşənbə günü səhər saatlarında buraxıb. Cənab Şoyqunun sözlərinə görə, bütün hədəflər məhv edilib və dinc sakinlərin yaşadığı yerlərə zərər dəyməyib. Bundan öncə Rusiya hərbi təyyarəsinin Türkiyə hava məkanına daxil olması ardından, Rusiyanın Türkiyədəki səfiri yenidən Türkiyə xarici işlər nazirliyinə çağırılmışdı. Türkiyə prezidenti Recep Tayyip Erdoğan Rusiyaya xəbərdarlıq edərək bildirmişdi ki, "Türkiyəyə hər hansı hücum, NATO-ya qarşı hücumdur". Həştərxanda yerləşən Rusiya Hərbi-Dəniz Donanmasının Xəzər Dənizi Flotiliyası Cənub Hərbi Dairəyə daxildir. Rusiya Müdafiə Nazirliyinə əsasən bir neçə briqada, diviziya, sahil qoşunları və hərbi qayıqlardan ibarət donanma antiterror əməliyyatlarını həyata keçiriməklə yanaşı ölkənin energetika və ticarət sahəsindəki maraqlarını müdafiə edir. 2011-ci ildə Rusiya elan edib ki, 2020-ci ilədək Xəzər Dənizi Flotiliyası 16 hərbi gəmi və raket daşıyan qayıq alacaq. İki raket daşıyan qayıq həmin ildə qüvvələrin tərkibinə daxil olub. 2014-cü ildə sahilyanı ölkələr arasında imzalanan razılaşma Xəzər Dənizində kənar hərbi qüvvənin yerləşdirilməsini yasaqlayır və NATO-nun bölgədə mümkün iştirakını istisna edir. Sentyabr ayında Rusiya Mərkəzi Hərbi Dairəsinin döyüş hazırlığının qəfil yoxlanması çərçivəsində Xəzər Dənizində 1000-dək dəniz piyadasının iştirakı ilə təlimlər keçirilib.
Comments